Gənclərin Peşə Reabilitasiya Mərkəzi Musiqili Teatra təşəkkür edib
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib. Konsert proqramı çərçivəsində "Hərənin öz ulduzu” (S. Ələsgərov, İ. Məlikzadə), "Adamın adamı” (V. Adıgözəlov, Anar) tamaşalarından parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Bu münasibətlə mərkəzin rəhbəri Rəhilə Həsrətova Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkür məktubu ünvanlayıb. "Mərkəzimizdə keçirilən bədii gecədə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi yumor və gülüş dolu çıxışları ilə sağlamlıq imkanları məhdud gənclərin qəlbini fəth etdi. Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, vokalçı artist Şaban Cəfərov, Nigar Tofiq, balet truppasının üzvləri Murad Əliyev və Cəlalə Novruzlunun çıxışları mərkəzin gənclərinə gözəl əhval-ruhiyyə yaşatdı. Musiqili Teatrın əlil gənclər qarşısında yüksək səviyyədə və maraqlı proqramla çıxışını təmin etdiyinizə görə Sizə dərin təşəkkürümüşü bildirirəm” deyə məktubda qeyd olunur.