Moskvalı rəssam Musiqili Teatrda

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin hazırda məşqləri gedən "Qafqazlı qardaşqızı” operettasının səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni tamaşanın süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib. Sonra tamaşanın quruluşçu-rəssamı, Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji hazırladığı eskizlərlə bağlı çıxış edib. Dmitri Çerbadjinin çıxışından sonra teatrın rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, direktor müavinləri - Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, geyim üzrə rəssam Yelena Almazova və texniki Şuranın digər üzvləri çıxış ediblər. Müzakirələrdən sonra Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub. Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeystrləri Leyla və Zakir Ağayevlərdir. Teatrın rus bölməsində hazırlanan tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Amil Məmmədov, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Svetlana Bulax, Emil Heydərov, Nadejda Povelisina, Əliməmməd Novruzov ifa edirlər.

 

          

Tarix: 05.05.2015