Əbülfəs Qarayev Musiqili Teatrın Baş xormeysterini mükaflandırdı
Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu günlərdə teatrın Baş xormeysteri Vaqif Məstanovun 60 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Vaqif Məstanovu təbrik edib və "Azərbaycan musiqi sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə” mükafatlandırılması üçün əmr imzalayıb. Qeyd edək ki, Vaqif Teyyub oğlu Məstanov 9 may 1955-ci ildə anadan olub. 1974-cü ildə A. Zeynalov adına Musiqi Texnikumunun skripka sinfini bitirib. 1975-ci ildə XKF-nin ansamblında musiqiçi və xor qrupunun rəhbəri işləyib. 1978-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Xor dirijoru» fakultəsinə daxil olub. Konservatoriyada təhsil aldığı vaxtlarda müxtəlif xor kollektivlərində fəaliyyət göstərib. 1990-cı ildən etibarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş xormeyster kimi fəaliyyətə başlayan istedadlı xormeyster teatrda işlədiyi müddətdə Səid Rüstəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin», Fərəc Qarayev, Eduardo de Filippo «Filumena Marturano», M. Qluza, Q. Qorin «Pominalnaya molitva», Ramiz Mustafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır», Emin Sabitoğlu, Yevgeni Şvarts «Qırmızı papaq», Rafiq Səməndər «Gülmək qadağandır», Zülfüqar Hacıbəyov «50 yaşında cavan», Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik», Oktay Kazımov, Ramiz Heydər «Qızıl toy», Süleyman Ələsgərov, İsi Məlikzadə «Hərənin öz ulduzu», Soltan Hacıbəyov, Məhərrəm Əlizadə «Qızıl gül», Emin Sabitoğlu, Vladimr Kalmanovski «Odnajdı v Baqdade», İmre Kalman «Tsıqan premyer», «Silva», «Maritsa», Frans Leqar «Vesyolaya vdova”, Qara Qarayev «Neistovıy Qaskonets», Üzeyir Hacıbəyli «O olmasın, bu olsun», Emin Sabitoğlu, Rüfət Əhmədzadə «Hələlik», Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül», Sərdar Fərəcov, Əli Əmirli «Səhnədə məhəbbət», Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə», Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı», Rauf Hacıyev, Faiq Zöhrabov «Talelər qovuşanda», Cavanşir Quliyev, Qeybulla Rəsulov «Məhəbbət oyunu», Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını», İmre Kalman «Bayadera», Üzeyir Hacıbəyli "Arşın mal alan”, "Ər və arvad”, Emin Sabitoğlu, Cahangir Məmmədov "www.ferzeli-kef.com”, S. Kərimi, Ə. Ol "Kimyagər” (M.F. Axundzadənin 200 illik yubileyi ilə əlaqədar) tamaşalarının xormeystri olub. O bu gündə yeni tamaşalar üzərində çalışır, teatrın xor kollektivinin inkişafında böyük əmək sərf edir.