M.E.Troncoso:“Argentinada da Azərbaycan Musiqili Teatrını arzulayıram”

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan təqribən bir ay ötsə də, forumda iştirak edən dünyanın bir sıra tanınmış mədəniyyət xadimləri, rəsmi dövlət adamları hələ də ö günlərin təəssüratları barədə fikirlərini bölüşürlər. Qeyd olunduğu kimi o vaxt forum çərçivəsində Azərbaycana gələn mötəbər qonaqlar ölkəmizin mədəniyyət ocaqlarına da baş çəkiblər. Belə görüşlərdən biri də Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı xanım Maria Elena Troncoso ilə Azərbaycan Dövlət Musiqili Teatrında baş tutmuşdu. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Argentina Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ilə birlikdə teatra gələn xanım M. E. Troncosonu qəbul edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə qonaqlar arasında səmimi və işgüzar söhbət olmuşdu. Mötəbər qonaqlar Musiqili Teatrın binası ilə – ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şəraitlə tanış olduqda əvvəllər aktrisa kimi teatr və kinoda bir sıra obrazlar canlandıran Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini xanım Maria Elena Troncoso "Bu möhtəşəm səhnə, bu bənzərsiz şərait məni yenidən aktrisa kimi fəaliyyət göstərməyə sövq edir. İnanın ki, dil baryeri olmasaydı, işləmək üçün sizin Musiqili Teatrı seçərdim” – deyə söyləmişdi. Xanım Maria Elena Troncoso ölkəsinə qayıtdıqdan sonra bu günlərdə Musiqili Teatrda şəxsi fotoaparatıyla çəkdiyi şəkilləri Azərbaycana yollayaraq qeyd edib ki, hələ də Azərbaycandakı xoş xatirələri unuda bilmirəm, Argentinada da Azərbaycan Dövlət Musiqili Teatrı, oradakı səmimi və gözəl kollektivi, belə bir sənət məbədində olduğumu tez-tez xatırlayır, bütün Azərbaycana salamlarımı çatdırıram.

 

     

Tarix: 09.06.2015