Musiqili Teatrın aktyoru ad gününü iş başında qeyd edəcək
10 iyun Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Hüseyn Əlilinin doğum günüdür. E. Sabitoglu və T. Vəliyevanın "Bankir adaxlı” tamaşasında Balakişi, Ə. Haqverdiyev "Kimdir müqəssir?”də Mahmud, Ü. Hacıbəyli "O olmasın, bu olsun”da Hambal, V. Dolidze, A. Saqareli "Xanuma”da Timiote, Ə. Səmədli "Toya bir gün qalmış”da Kiçik oğul və s. obrazlarla tamaşaçıların rəğbətini qazanmış istedadlı aktyorun 33 yaşı tamam olur. "17 yaşımdan Musiqili Teatrda işləyirəm. Artıq bu müqəddəs məbəd evim qədər mənə doğma və əzizdir. Tetrımızın direktoru Əliqismət Lalayev burda elə bir şərait yaradıb ki, inanın ki, adam bəzən işdən ayrılıb evinə də getmək istəmir. Bu gün məşqim var, bütün günü teatrda olacağam. Hamı kimi bizim teatr da 2 gün sonra açılış mərasimi olacaq I Avropa Oyunlarına ciddi şəkildə hazırlaşır. Repertuarımızda olan bir sıra əsərlər ingilis dilinə tərcümə olunub. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”, "Ər və arvad”, O. Kazimi və R. Heydərin "Qızıl toy”, J.B. Molyerin "Skapenin kələkləri”, Ə. Haqverdiyevin "Kimdir müqəssir?”, R. Hacıyev, E. Ocaqov, F. Zöhrabovun "Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımız üçün nümayiş olunacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi sifarişi ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Məsuliyyətlə deyə bilərəm ki, Musiqili Teatr Avropa Oyunları ərəfəsində ölkəmizə gələn qonaqlara ən yüksək səviyyədə xidmət göstərəcək. Bir sözlə, iş çoxdur. Məşqlər, hazırlıqlar qarşımızda duran ən vacib məsələlərdir. Yəqin ki, fasilə zamanı iş yoldaşlarımla bir tort kəsib doğum günümü qeyd edəcəyəm. Axşam isə evdə - ailəmlə, doğmalarımla birgə olacağam” deyə Hüseyn Əlili bildirib.