Musiqili Teatr bu həftə də xarici qonaqların xidmətində hazırdır

Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən I Avropa oyunları ilə əlaqədar iyun ayı üçün xüsusi repertuar təşkil edib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın repertuarındakı bir sıra tamaşalar məhz I Avropa oyunları ilə əlaqədar ölkəmizə gələn qonaqlara – turistlərə, idmançılara keyfiyyətli xidmət göstərmək üçün ingilis dilinə tərcümə olunub. Bu həftə də Musiqili Teatrda bir-birindən maraqlı tamaşalar nümayiş olunacaq. İyunun 18-dən başlayaraq həftəsonuna kimi 4 gün ərzində tamaşaçılara 5 səhnə əsəri – 18 iyun saat 19.00-da "Skapenin kələkləri” (J.B. Molyer), 19 iyun saat 19.00-da "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), 20 iyun saat 19.00-da "Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), 21 iyun saat 12.00-da "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və saat 19.00-da "Kimdir müqəssir?” (Ə. Haqverdiyev) təqdim olunacaq. Azərbaycan və rus dillərində oynanılacaq tamaşalar eyni zamanda əcnəbi qonaqlar üçün ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək. Qeyd edək ki, bir biletin qiyməti gündüz tamaşası üçün 6 manat, axşam tamaşaları üçün isə yerindən asılı olaraq 6-7-8-10 manat təşkil edir.

 

     

Tarix: 17.06.2015