Musiqili Teatrın gənc rejissorları Moskvaya gedir
Azərbaycan Dövlət Musiqili Teatrının gənc rejissorları – Anar Sadıqov və Əlif Cahangirov sabah Moskvaya gedir. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, A. Sadıqov və Ə. Cahangirov Rusiya Federasiyasının paytaxtında keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalında iştirak edəcəklər. Eyni zamanda bu festival çərçivəsində "Gənc rejissorların laboratoriyası” fəaliyyət göstərir və burada məşhur teatr xadimləri ustad dərsləri keçirlər. Azərbaycanı təmsil edəcək gənc rejissorlar da V. N. Pankov, V.A Rıjakov, K.M. Qinkas, A.Y. Şapiro, A. Şenderova, A.S. Konçalovskiy kimi ünlü rejissorların ustad dərslərində iştirak edəcəklər. Habelə onların festival çərçivəsində nümayiş olunacaq "İonesko. Suita” (Fransa , rejissor Emmanuel Demorsi-Mota), "Düyü” baleti (Tayvan, baletmeystr Lin Xvay Min), "Qolem” (Böyük Britaniya, rejissor Syuzan Andreyd), "Həyat davam edir” baleti (Böyük Britaniya, baletmestrlər Akram Xan, Rossel Molifant, Mats Ek, Uilyam Forsayt), "Torqi” (Rusiya, rejissor Dmitri Krımov) kimi tamaşaları izləmək imkanı olacaq. Qeyd edək ki, A. Sadıqov və Ə. Cahangirovun bu tədbirdə iştirakı Teatr Xadimləri İttifaqının dəstəyi ilə baş tutacaq. "Bizə göstərdiyi etimada və bu cür mötəbər tədbirdə iştirakımızı təmin etdiyinə görə Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətova təşəkkürümüzü bildiririk” , - deyə A. Sadıqov və Ə. Cahangirov bildiriblər.