UNITED AID FOR AZERBAIJAN Musiqili Teatra təşəkkür etdi
Azərbaycan Dövlət Musiqili Teatrı artıq yekunlaşmaqda olan 105-ci teatr mövsümündə də ənənəsinə sadiq qalaraq humanitar, sosial yönümlü fəaliyyəti ilə diqqət mərkəzində oldu. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mövsüm boyu Musiqili Teatrın kollektivi müxtəlif hərbi hissələrdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, uşaq evlərində konsert proqramıyla, tamaşalarla təmənnasız olaraq çıxışlar edib və daima bu kollektivlərdən təşəkkür məktubları alıb. Belə təşkilatlardan biri də UNITED AID FOR AZERBAIJANdır. Bu günlərdə UNITED AID FOR AZERBAIJAN tərəfindən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir: ""Azərbaycana Birgə Yardım” (UAFA) humanitar təşkilatı artıq 16 ildir ki, uşaqların təhsili və sağlamlığı diqqət mərkəzində olmaqla, Azərbaycanda sosial həyatın inkişafı sahəsində dövlətlə sıx əməkdaşlıq edir. 10 ildir ki, həyata keçirilən "İcma Əsaslı Reabilitasiya” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təmənnasız gündəlik qrup və fərdi məşğələləri keçirilir. Həmçinin "İcma Əsaslı Reabilitasiya” mərkəzinin nəzdində "Valideyn Birliyi” fəaliyyət göstərir. Birliyin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini səfərbər edərək uşaqlar üçün icma əsaslı xidmətlərin təşkili və onların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətə cəlb etməkdir... Başa çatan 105-ci mövsümünüz ərzində bizimlə sıx əməkdaşlıq edərək bütün tamaşalarınızda təşkilatımıza təmənnasız yer ayırdığınız üçün Sizə təşkilatımız və valideynlər adından dərin minnətdarlığımızı bildiririk”.