Musiqili Teatr mövsümü başa vurdu
Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü iyulun 12-də başa vurub. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, 105-ci mövsümün yekunuyla bağlı tədbir keçirilib. Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbirdə hesabat xarakterli çıxış edib. "Yekunlaşdırdığımız mövsüm boyu bir çox uğurlara imza atdıq. Bir sıra tədbirlər keçirtdik, yeni tamaşalar təhvil verdik. Xüsusilə I Avropa Oyunları zamanı ölkəmizə gəlmiş qonaqlara göstərdiyimiz xidmətlə fərqlənməyi bacardıq. Hər zaman olduğu kimi bu ildə teatrımızla tamaşaçılar arasında mövcud olan həmrəyliyi qoruyub saxlamaqla yanaşı, bir qədər də inkişaf etdirdik. Senytabrın 10-da 106-cı teatr mövsümünə start verəcəyik. Artıq biz indidən həmin açılış mərasiminə hazırlaşmağa başlamışıq. Bir çox yeni planlarımız, ideyalarımız var. İnanırıq ki, 106-cı mövsümdə yeniliklərimizlə, sürprizlərimizlə tamaşaçılarımızı sevindirə biləcəyik”, - deyə Əliqismət Lalayev bildirib. Sıravi tamaşaçılarla yanaşı, möhtəbər qonaqların da qatıldığı mərasimin sonunda mövsümün son tamaşası – dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” komediyası bir daha alqışlarla qarşılanıb. Qeyd edək ki, tamaşa bu il Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatına layiq görülüb. Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa ediblər.