Musiqili Teatr Ü. Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək
18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu möhtəşəm tədbirdə İtaliya, Latviya, Rusiya, Suriya, Estoniya, Kanada və Türkiyədən tanınımş musiqiçilər və kollektivlər – Miina Yarvi, Mişel Kampanella, Tanel Joametts, Oleq Poxanovski, Azmex Kinan, Gürcüstan Kamera Orkestri, Liyepaya Simfonik Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksafon kvarteti və başqaları ilə yanaşı, Dövlət Musiqili Teatrı da iştirak edəcək. Festival tədbirləri çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi də 18 sentyabr tarixində əbədiyaşar bəstəkar, Azərbaycan xalqının bəşəriyyətə ən böyük töhfələrindən biri olan Üzeyir Hacıbəylinin Fəxri Xiyabanda məzarını ziyarət edəcək. Habelə həmin gün Dövlət Musiqili Teatrı Heydər Əliyev Sarayında baş tutacaq VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində öz töhfəsini təqdim edəcək. 19 sentyabr tarixində Musiqili Teatrda Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” 2 hissəli musiqili komediyası, 20 sentyabr saat 19.00-da isə dahi sənətkarın "Ər və arvad” operettası festival iştirakçılarına təqdim olunacaq. Qeyd edək ki, hər iki tamaşa ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək. "Musiqili Teatrın əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin "Ər və arvad” komediyası ilə qoyulub. Bizim kollektiv böyük bəstəkarın anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalının tədbirlərində tam səfərbər şəkildə fəaliyyət göstərəcək, xüsusilə də nümayiş olunacaq səhnə əsərləri ilə Ü. Hacıbəyli ideallarının festival iştirakçılarına – xarici qonaqlara daha dolğun şəkildə çatdırılması üçün əlimizdən gələni edəcəyik”, - deyə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.