Musiqili Teatrda Moskvalı rəssamdan ustad dərsi

Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji Azərbaycan Dövlət Musiqili Teatrında ustad dərsi keçib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dmitri Çerbadjinin ustad dərsində Musiqili Teatrın rəssamları, dekor, işıq, butafor sexinin əməkdaşları, modelyer, proqramçı, dizayner və rəhbərliyin nümayəndələri iştirak ediblər. Məşhur rəssam Musiqili Teatrın digər teatrlardan fərqli cəhətləri və xüsusi diqqət tələb edən mühüm məqamlardan bəhs edib. Dmitri Çerbadji hər hansı tamaşanın dekorasiyasının araya-ərsəyə gətiriliməsində rəssamdan tutmuş işıqçıya qədər böyük bir işçi qrupunun üzərinə düşən məsuliyyətdən, bu sahəylə bağlı ən xırda, incə məqamların mühüm əhəmiyyət kəsb etməsindən söz açıb. Səmimi söhbət şəraitində keçən ustad dərsində Dmitri Çerbadji Musiqili Teatrın əməkdaşlarının suallarını cavablandırıb. Professor Dmitri Çerbadji Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, V.İ. Surikov adına Ali Rəssamlıq İnstitutunun Teatr rəssamlığı şöbəsinin rəhbəridir. 70-dən çox dramatik, opera və balet tamaşalarının quruluşçu-rəssamıdır. Onun quruluş verdiyi tamaşalar MDB dövlətləri ilə yanaşı, Yunanıstan (Afina), Türkiyə (İstanbul), Litva (Vilnüs), Çin və başqa ölkələrin teatrlarında da nümayiş olunub. Qeyd edək ki, Dmitri Çerbadji 25 sentyabr tarixində Dövlət Musiqili Teatrında premyerası keçiriləcək SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” operettasının quruluşçu-rəssamıdır.

 

     

Tarix: 23.09.2015