Musiqili Teatrda yubiley
Azərbaycan Dövlət Musiqili Teatrında 4 oktyabr tarixində tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, yubliley münasibətilə rejissorun quruluş verdiyi böyük bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin bu yaxınlarda premyerası anşlaqla keçən "Qafqazlı qardaşqızı” operettası nümayiş olunacaq. Əli Teymur oğlu Usubov 1935-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-65-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində, 1965-70-ci illərdə isə N.A. Rimski-Korsanov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsində Rusyanın Xalq artisti, professor Roman Tixomirovun sinfində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu-rejissor, baş rejissor, Respublika Sarayında baş rejissor, Azkonsertdə bədii rəhbər, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb. O, müxtəlif illərdə F.M. Dostoyevski adına Omsk Dövlət Universitetində dosent, professor kimi fəaliyyət göstərib. Əli Usubov 50-yə yaxın opera və operettaya quruluş verib. C. Verdinin "Aida”, "Riqoletto”, "Traviata”, D. Puççininin "Toska”, S. Raxmaninovun "Aleko”, Q. Doniçettinin "Luçiya di Lmermur” operaları, O. Flestmanın "Köhnə ev”, İ. Ştrausun "Yarasa”, İ. Kalmanın "Silva”, F. Leqarın "Şən dul qadın” və başqa operettaları Əli Usubovun quruluşunda müxtəlif teatrların səhnələrini illərlə bəzəyib. Bir çox dövlət tədbirlərinə də quruluş verən Əli Usubovun hazırladığı opera və operettalar Moskva Böyük Teatrı ilə yanaşı, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Tacikstan, Özbəkstan və digər MDB ölkələrinin teatrlarında uğurla nümayiş olunub. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasının ilk quruluşunun 100 iliyyi ilə əlaqədar TÜRKSOY-un sifarişi ilə bu əsərə rejissorluq edib. Ə. Usubovun quruluşunda "Arşın mal alan” beynəlxalq layihə çərçivəsində Paris, Strasburla yanaşı, bir sıra MDB dövlətlərinin şəhərlərində də nümayiş olunub.