Musiqili Teatr daha bir müsabiqə elan edib
Azərbaycan Dövlət Musiqili Teatrı simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, teatrın heyətində müəyyən dəyişikliklər etmək üçün belə bir müsabiqənin keçirilməsi çox vacibdir. "Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. İstedadlı kadrlara hər yerdə, hər zaman ehtiyac var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq. Artıq teatrımız 106-cı mövsümünü yaşayır. Rəhbərlik isə bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edir”, - deyə Əliqismət Lalayev söyləyib.