Musiqili Teatrda 4 gün ərzində 6 tamaşa olacaq
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 15, 16, 17, 18 oktyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Ər və arvad” (Ü. Hacıbəyli), "Qızıl toy” (O. Kazımi, R. Heydər), "Düyməcik” (H.K. Andersen), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və "O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşalarından gedir. Tamaşaçılar 4 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, Şövqi Hüseynov, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Şaban Cəfərov, Gültac Əlili, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Nadir Xasıyev, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 17 oktyabr saat 12.00-da H.K. Andersenin "Düyməcik” əsəri rus dilində, 18 oktyabr saat 12.00-da isə O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” əsəri uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.