Musiqili Teatrda “Baladadaşın toy hamamı”nda teatrla kino sintez ediləcək
Azərbaycan Dövlət Musiqili Teatr daha bir premyeraya hazırlaşır. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” komediyasından gedir. Məşq prosesində olan tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova "Baladadaşın toy hamamı”nda teatrla kinonun sintezini araya-ərsəyə gətirməyə çalışıb. "Məşqləri xeyli vaxtdır ki, davam edən bu səhnə əsəri Xalq yazıçısı Elçinin eyni adlı hekayəsi əsasında hazılanır. Əsərdə belə bir yer var ki, toy ərəfəsində olan Baladadaşla kənd hamamının müdiri arasında münaqişə yaranır. Bakı kəndlərinin adətinə görə evlənən oğlan toydan qabaq mütləq bəy hamamına getməlidir.Kənddə isə yanlız bir hamam var. Toy günü hamı gözləyir ki, Baladadaş kənd hamamına gedəcək və müdirdən xahiş-minnət edəcək. Amma Baladadaş öz qürurunu hər şeydən üstün tutaraq bir bəy kimi kənd hamamında deyil, Xəzər dənizində çimməyə qərar verir. Tamaşada bu çox vacib məqamlardan biridir. Biz epizodu tamaşaçılara daha dolğun formada çatdırmaq istədiyimiz üçün qərara gəldik bu səhnəni – Baladadaşın "bəy hamamını” - dənizdə çimməsini lentə alıb nümayiş etdirək. Belə də həm müəllif fikrini daha effektli şəklidə ifadə etmək, həm də teatrla kinonun sintezini yaratmaq mümkündür. Havaların soyuq keçməsinə baxmayaraq bir neçə gün öncə Mərdəkanda çəkilişlər apardıq. Baladadaş obrazının ifaçısı, teatrımızın gənc və istedadlı aktyorlarından biri Əmrah Dadaşov əsl fədakarlıq etdi. Havanın soyuq olmasına baxmayaraq dənizdə çimdi. Həmin kadrlar tamaşa zamanı monitor vasitəsilə nümayiş olunacaq”, - deyə Cənnət Səlimova bildirib. Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, drijoru Fəxrəddin Atayev, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.