Musiqili Teatrın aktyoru Əzizağa Əzizov 55 yaşını qeyd edir
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, bu yaxınlarda "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüş Əzizağa Əzizov doğum gününü qeyd edir. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu gün Əzizağa Əzizovun 55 yaşı tamam olur. "Təqribən 25 ildir ki, ad günümü təntənəsiz-təmtəraqsız – çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Bu il də istisna olmayacaq. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamıya "Sağ olun! Var olun!” deyirəm. Bildiyiniz kimi bu yaxınlarda Əməkdar artist fəxri adına layiq görüldüm. Sənətimi bu cür yüksək qiymətləndirdiyinə görə bir daha ölkə başçısına - Prezident İlham Əliyev cənablarına təşəkkür edirəm. Doğum günüm ərəfəsində mənə verilmiş bu yüksək qiyməti, fəxri adı 55 illik yubileyimlə bağlı ən böyük hədiyyə hesab edirəm”, - deyə Əməkdar artist Əzizağa Əzizov bildirib. Qeyd edək ki, Əzizov Əzizağa Ağayar oğlu 20 oktyabr 1960-cı il tarixində anadan olub. 1983-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili Komediya aktyoru» fakultəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Kirovobad (Gəncə) Dövlət Dram Teatrında başlayıb. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətini davam etdirib. 1989-1990, 1994-1995-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya teatrında işləyib. Müəyyən fasilədən sonra - 1999-cu ildən bu günə kimi Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. Buna misal olaraq Üzeyir Hacıbəyli «O olmasın, bu olsun»da Qoçu Əsgər, Emin Sabiroğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Zaur, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da 1-ci adam, Ramiz Mustafayev, Abdulla Qüdrət «Volqalı canan»da Doymaz, Sərdar Fərəcov, Əli Əmirli «Səhnədə məhəbbət»də Şvartsneger, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Mərdi Məzarov, Sərdar Fərəcov «Bir günlük xəlifəlik»də şah, Ramiz Mirişli, Marat Haqverdiyev "Qısqanc ürəklər”də Mikayıl, Süleyman Ələsgərov, İsi Məlikzadə, "Kələkbazlar”da Seyfi, Cavanşir Quliyev, Əli Əmirli, "Yeddi məhbusə anası”nda ata Babək, İmre Kalman "İdialı qaraçı”da Polkovnik, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Sultan bəy,Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Mixo, Siyavuş Kərimi, Ə. Ol "Kimyagər”də Hacı Kərim və s. yaddaqalan obrazları qeyd etmək olar. Bir sıra serial və filmlərdə, o cümlədən, "Aramızda qalsın” Əjdər, "Ci-Mi” Badrinarx, "Dəvətnamə” Pul yazan, "Hərənin öz payı+tayı” Əlipaşa, "Şans” Səlam, "Yaşıl eynəkli adam-3” Serjant, "Qardalı kəndinin gecələri” Xasməmməd, "Bizim bayram” Əzizağa, "Bir ailəm var” Vidadi və başqa obrazları canlandırıb.