Musiqili Teatrda 20-ci dəfə “Qızıl toy” olacaq
Azərbaycan Dövlət Musiqili Teatrında O. Kazımi və R. Heydərin "Qızıl toy” iki hissəli musiqili komediyası yeni quruluşda 20-ci dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 20-ci nümayişi 6 noyabr tarixində saat 19.00-da baş tutacaq. "Qızıl toy” əsəri ilk dəfə Dövlət Musiqili Teatrında (o vaxtki Musiqili Komediya Teatrında) 1980-ci ildə Rafiq Atakişiyevin quruluşunda tamaşaçılara təqdim olunub. İkinci dəfə bu maraqlı əsər 1996-cı ildə rejissor Yusif Əkbərov tərəfindən səhnələşdirilib. Hazırki – üçüncü quruluşun premyerası isə 27 sentyabr 2014-cü il tarixində keçirilib. Tamaşanın əvvəlki quruluşlarında Nəsibə xanım Zeynalova, Siyavuş Aslan kimi böyük sənətkarlar rol alıblar. Bu maraqlı səhnə əsərində valideynə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır. Qeyd edək ki, hər zamankı kimi indi də tamaşaçıların böyük maraqla izlədiyi "Qızıl toy” komediyasının quruluşçu-rejissoru Yusif Əkbərov, qurulişçi-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, drijoru Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor assistentləri Tamilla Aslanova və Anar Sadıqovdur. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Yuliya Heydərova, Elməddin Dadaşov, Gülnarə Əzizova və Elnur Zeynalov ifa edirlər.