Həftəsonu Musiqili Teatrda 4 tamaşa nümayiş olunacaq
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 6, 7, 8 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Qızıl toy” (O. Kazımi, R. Heydər), "Toya bir gün qalmış” (Ə. Səmədli), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) tamaşalarından gedir. Qeyd edək ki, 7 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Yubiley tədbiri çərçivəsində Əli Səmədlinin "Toya bir gün qalmış” komediyası milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunacaq. Musiqili Teatr bu həftə də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 8 noyabr saat 12.00-da O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” əsəri uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Əzizağa Əzizov, Emma Məlikova, Novruz Qartal, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Elməddin Dadaşov, Yuliya Heydərova, Şaban Cəfərov, Ülviyyə Əliyeva, Möylə Mirzəliyev, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Elxan İsmayılov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq istəyən hər kəsi bu baxımlı, maraqlı tamaşaları izləməyə dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.