Musiqili Teatrda “Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq
Azərbaycan Dövlət Musiqili Teatrında R. Şəfəq və V. Ziminin "Yağış göbələyinin macərası” adlı iki hissəli musiqili nağıl-tamaşası 50-ci dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, balaca tamaşaçılar üçün nəzərdə tutalan tamaşa uzun müddətdir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Teatrın rus bölməsi tərəfindən hazırlanan bu maraqlı səhnə əsərinin premyerası 17 may 2008-ci ildə keçirilib. Tamaşanın 50-ci nümayişi isə 15 noyabr tarixində saat 12.00-da baş tutacaq. Xeyirlə Şərin mübarizəsindən bəhs edən "Yağış göbələyinin macərası”nı nəinki kişik yaşlı tamaşaçılar, hətta böyüklər də həmişə maraqla izləyiblər. Tamaşa doğruluğu, dürüstlüyü, qəhrəmanlığı və ən əsası ana təbiətə sevgini, təbiəti qorumağın vacibliyini təbliğ edir. Təbiəti məhv etmək istəyən şər qüvvələr yağışı oğurlayır və beləliklə, xeyirlə şərin mübarizəsi başlayır... Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti, "Tərəqqi” medallı Boris Qrafkin, quruluşçu-rəssamı Validə Ümman, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Emin Həsənov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Rauf Babayev, Marina Litvinenko, Əliməmməd Novruzov, Nadejda Povelitsına, Yuliya Heydərova, Gülnarə Əzizova və başqaları ifa edirlər.