Musiqili Teatrda Həsənağa Qurbanovun 60 illik yubileyi keçiriləcək
Azərbaycan Dövlət MusiqiliTeatrında 23 noyabr tarixində Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçiriləcək. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tanınmış musiqiçinin 60 illik yubileyinə həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Dövlət MusiqiliTeatrının təşkilatçılığı ilə baş tutacaq. Yubiley tədbirinin quruluşçu-rejissoru Azərbaycan Dövlət MusiqiliTeatrının gənc rejissoru Anar Sadıqovdur. "Həsənağa müəllimin yubileyi ilə bağlı çox maraqlı bir xatirə tədbiri keçirməyi planlaşdırırıq. Bu münasibətlə Musiqili Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks elətdirən fotolarından ibarət sərgi təşkil olunacaq. Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan "Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının "Mən sənətkar qızıyam” kitablarının təqdimatı olacaq. Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarxın nümayişi də nəzərdə tutulur. Xalq artistləri Zaur Rzayevin, Aygün Bayramovanın, Samir Cəfərovun, Əməkdar artistlər Ruhəngiz Musəvinin, İlqar Muradovun, Nuriyyə Hüseynovanın, "Dan ulduzu” instrumental ansamblının üzvləri Vüsalə Əsgərovanın, Rövşən Əzizin, Şəhla Həmidovanın və başqalarının ifaları yubiley mərasiminə xüsusi rəng qatacaq. Tədbirdə bir sıra mötəbər qonaqların, rəsmi şəxslərin iştirakı gözlənilir”, - deyə quruluşçu-rejissor A. Sadıqov bildirib. Qeyd edək ki, 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət MusiqiliTeatrında aparıcı drijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, "Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. H. Qurbanov 2007-ci il 6 noyabr tarixində vəfat edib.