Musiqili Teatrın Yaradıcılıq Studiyası açılışa hazırlaşır
Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyası açılışa hazırlaşır. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, studiyanın açılış mərasiminin 2015-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi məqsədilə yaradılan Yaradıcılıq Studiyasının açılış mərasimində gənc rejissor Tamilla Aslanovanın hazırladığı konsert-tamaşa təqdim olunacaq. "Yaradıcılıq Studiyasında hazırladığım konsert-tamaşa "Uğur” adlanır. Burada iki gəncin həyat youndan – sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, evlənməsindən, xoşbəxt bir ailəyə sahib olmasından bəhs edilir. Daha çox avtobioqrafik janrda muzkl formasında hazırladığımız bu səhnə nümunəsi bir çox yeniliklərlə zəngindir. Bu mənim bir rejissor kimi ilk sərbəst işimdir. Çalışıram ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə - gənclərə göstərdiyi etimadı doğruldum. İnanıram ki, hazırladığımız səhnələşdirdiyimiz konsert-tamaşa maraqla qarşılanacaq”, - deyə gənc rejissor Tamilla Aslanova bildirib. Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.