Musiqili Teatrın aktrisası yeni seriala çəkilir
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva yeni seriala çəkilir. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, çoxlarının "Keyxanım” kimi tanıdığı, Dövlət Musiqili Teatrında bir-birindən maraqlı obrazlar yaradan Ülviyyə Əliyevanın çəkildiyi yeni serial "Əntiqə rəfiqələr” adlanır. Yaradıcı kollektiv milli-mənəvi dəyərlərin, saflığın, dürüstlüyün təbliğini qarşısına məqsəd qoyub. Serialda iki əsas qəhrəman var. Onlardan birini Ülviyyə Əliyeva, digərini isə Azərbaycan Respublikasının Əməkdar artisti Tunzalə Əliyeva canlandırır. "Bu bizim Toppuş bacıyla, yəni Tunzalə Əliyeva ilə birlikdə ilk müstəqil işimizdir. Yəni birinci dəfədir ki, biz heç bir televiziyanın, prodakşının, komandanın tərkibində olmadan, müstəqil şəkildə ikimiz birlikdə bir iş araya-ərsəyə gətirməyə çalışmışıq. Elə "Əntiqə rəfiqələr”in ideyası da Tunzalə xanıma məxsusdur. Serialda əsasən iki rəfiqənin başına gələn maraqlı, gözlənilməz, komik situasiyalarla dolu əhvalatlar baş verir. Ümid edirik ki, bizim bu yeni işimiz də sevimli tamaşaçılarımızın rəğbətini qazanacaq. Paraelel olaraq Musiqili Teatrda da işlərimi davam etdirirəm. Hazırda Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” komediyasında Anaxanım obrazını məşq edirəm. Anaxanım çox maraqlı, özünəməxsus xüsusiyyətləri olan bir obrazdır. Əminəm ki, Anaxanım obrazı da tamaşaçıların yaddaşında iz qoyacaq. Ümumiyyətlə, yeni səhnə əsərlərinin məşqindən, repertuardakı tamaşalarda canlandırdığım obrazlardan xüsusi zövq, güc alıram. Fürsətdən istifadə edib məni sevənləri Musiqili Teatrda oynadığım tamaşalara baxmağa dəvət edirəm”, - deyə Ülviyya Əliyeva bildirib. Qeyd edək ki, ailə-məişət mövzusundan bəhs edən "Əntiqə rəfiqələr”in quruluşçu-rejissoru Xamis Ağcayevdir.