Musiqili Teatrın aktrisası xeyriyyə konserti verəcək
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva xeyriyyə konserti verəcək. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, 30 dekabr 2015-ci il tarixdə baş tutacaq konsert proqramı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında keçiriləcək. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı – 2016-cı ilin gəlişi münasibətilə təşkil olunan xeyriyyə konsertində Qarqızın xüsusi hədiyyələri olacaq. Qarqız obrazını isə hamının "Keyxanım” kimi tanıyıb sevdiyi istedadlı və gənc aktrisa, konsertin təşkilatçısı Ülviyyə Əliyeva canlandıracaq. "Hansısa bayramda, əziz gündə kimisə sevindirmək, şadlandırmaq çox savab bir işdir. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası elə bir yerdi ki, orda olanların qayğıya, diqqətə daha çox ehtiyacı var. Yəni bu cür ağır xəstəliyin pəncəsində olanları yad etmək, onları sevindirmək, bir-iki saatlığa olsa belə ağrılarını unutmağa yardımçı olmaqdan böyük, savab iş varmı?”, - deyə Ülviyyə Əliyeva bildirib. Konsert proqramında Şaxtababa, klounlar, nağıl personajlarının iştirakı ilə maraqlı səhnəciklər nümayiş olunacaq və klinikada xəstə yatan bütün uşaqlara sürprizlərlə dolu hədiyyələr təqdim ediləcək. Qeyd edək ki, bu, Ülviyyə Əliyevanın ilk xeyriyyə konserti deyil. O ötən ay – 10 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitutsiya Günü münasibətilə elə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında konsert proqramı ilə çıxış edib.