Musiqili Teatrda “Yeni İl” şənlikləri
Azərbaycan Dövlət Musiqili Teatrında "Yeni İl” şənlikləri uğurla davam edir. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrda "Yeni İl” şənlikləri 6 yanvar 2016-cı il tarixinə qədər davam edəcək. Burada tamaşaçıların böyük marağına səbəb olan tam fərqli, bir çox yenilik və sürprizlərlə zəngin olan əsl bayram şousu təşkil olunub. Balacalar şənlik boyu bir sıra maraqlı məqamlarla qarşılaşır, müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əylənirlər. Şaxtababa və Qarqız onlara gözəl, sürpriz dolu hədiyyələr təqdim edir. Nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədova, musiqi tərtibatçısı Mehman Fərəcovdur. Azərbaycan Dövlət Musiqili Teatrı 2016-cı il – Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və hər kəsi yeni ilin ilk günlərini birlikdə keçirməyə dəvət eləyir. Teatrın təşkil etdiyi "Yeni İl” şənliklərində iştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.