Musiqili Teatrın keçirdiyi müsabiqəyə yekun vurulub
Azərbaycan Dövlət Musiqili Teatrının keçirdiyi yaradıcılıq müsabiqəsinə yekun vurulub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, müsabiqə teatra yeni istedadlı gənclərin cəlb edilməsi məqsədi ilə keçirilib. Sənəd təqdim edənlər bu günlərdə Müsabiqə Komissiyasının üzvləri qarşısında çıxış ediblər. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, təqribən 70 nəfərə yaxın müsabiqədə iştirak etmək üçün müraciət edib. "Onlardan yalnız 8 nəfəri ilk mərhələdə Müsabiqə Komissiyasının üzvlərini qane edib. Amma bu da həmin 8 gəncin teatrda işlə təmin olunmasına yetərli deyil. Onlar təcrübə toplamaq üçün teatrımızın Yaradıcılıq Studiyasında müəyyən dövr ərzində məşğul olacaqlar. Bu gənclər Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovun rəhbərlik etdiyi studiyada təcrübə keçdikdən, nəzəri-praktik səviyyələrini təkmilləşdirdikdən sonra yenidən Komissiya üzvlərinə öz istedadlarını göstərəcək, vacib tələblərə cavab verənlər Musiqili Teatrın kolletivinin sıralarına qəbul olunacaqlar. Yeri gəlmişkən, bir məqamı xüsusi vurğulamaq istəyirəm. Elan etdiyimiz müsabiqəyə 70-ə yaxın şəxsin müraciət etməsi bir daha göstərdi ki, cəmiyyətimizdə və əsasəndə gənclərdə teatra, sənətə çox böyük maraq var. Başqa teatrlardan fərqli olaraq Musiqili Teatrda işləmək üçün mütləq xüsusi göstəricilərə malik olmaq lazımdır. Burada çalışanların səs imkanları, rəqqaslıq qabiliyyəti və təbii ki, aktyorluq məharəti çox vacibdir. Qeyd edim ki, istedadlı gənclərimizi axtarıb üzə çıxarmaq üçün biz mütəmadi olaraq belə müsabiqələri keçirməyi planlaşdırırıq”, - deyə Əliqismət Lalayev söyləyib.