Musiqili Teatrda yeni tamaşa – “Silva”
15 yanvar tarixindən etibarən Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start veriləcək. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət İmre Kalmanın "Silva” operettasından gedir. Dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir... Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanacaq yeni tamaşanın quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov, Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Tural Ağasıyev, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova, Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Elçin İmanov və Nicat Həbibov ifa edirlər.