Musiqili Teatrda Milli Teatr Günü premyera ilə qeyd olundu
Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü premyera ilə qeyd olunub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan teatr ictimaiyyətinin bayramı günündə Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının premyerası keçirilib. Bir sıra mötəbər və rəsmi qonaqların, ölkənin tanınmış ictimai xadimlərinin, mədəniyyət adamlarının qatıldığı premyera anşlaq və uğurla keçib. "Bizim kollektiv Azərbaycan Teatrının 143-cü ildönümünü - 10 Mart Milli Teatr Gününü ikiqat bayram kimi qeyd etdi. Düşünürəm ki, teatr ictimaiyyətinin bayramı məhz bu cür də qeyd olunmalıdır. Qonaqların, zövqünə güvəndiyim şəxslərin tamaşa haqqında dediyi xoş sözlər bu bayram günündə sevincimizə sevinc qatdı”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib. Qeyd edək ki, "Baladadaşın toy hamamı” əsərinin premyerası 3 gün nəzərdə tutulub və növbəti iki nümayiş 11, 12 mart tarixilərində saat 19.00-da baş tutacaq. Tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov, Rahib Məmmədov və başqaları ifa edirlər.