Musiqili Teatrda 25-ci dəfə “O olmasın, bu olsun”
Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası yeni quruluşda 25-ci dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin son quruluşdakı premyerası 25 oktyabr 2014-cü ildə keçirilib. Dünyaca məşhur "O olmasın, bu olsun”un 25-ci nümayişi isə 27mart tarixində saat 19.00-da baş tutacaq. Xatırladaq ki, 27 mart tarixi bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu il həmin tarix ölkəmizdə Novruz Bayramı ilə əlaqədar olaraq qeyri-iş günüdür. Dövlət Musiqili Teatrı "O olmasın, bu olsun” tamaşasının bayramla bağlı istirahət gününə təsadüf edən 25-ci nümayişini Beynəlxalq Teatr Gününə həsr edib. "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın 105-ci teatr mövsümdəki ən uğurlu tamaşalarından biri olub. Əməkdar artist Şövqi Hüseynov tamaşada Məşədi İbad obrazı ilə Dövlət Musiqili Teatrında debüt edib. Bu rolun ifasına görə o, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatına layiq görülüb. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar Səməd Xasıyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Nadir Xasıyev, Elçin İmanov və başqaları ifa edirlər.