Haqq divanın mübarək, Azərbaycan!

Bu gün bütün Azərbaycan xalqının ürəyi cəbhədəki oğullarımızın yanındadır. Günboyu hər kəsin ovqatı da, sözü-söhbəti, qayğıları da müharibə meydanından gələn xəbərlərə köklənib. Hamının bir yumruğa dönüb düşmən üstə getdiyi bir məqamdır bu gün. Dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək verənlərin də sayı artmaqdadır. 25 ildən bəri, bir vaxt dost, dardaş deyib bağrımıza basdığımız nankorların yolumuzu kəsdiyi doğma torpaqlarımız Azadlıq havası, igidlərin nərəsi ilə ayağa qalxıb. Bu gün hər kəs qələbə deyir, bu gün hər bir vətəndaşımız Ali Baş Komandanın səsinə səs verir. Biz də deyirik: ermənilər ölmək istəmirlərsə, qoy çıxıb öz evlərinə getsinlər! Bu torpaqlar bizim torpağımızdır, bizim ulu babalarımızın əsrlər boyu yaşadığı böyük Vətənin bir parçasıdır. Birinci Qarabağ savaşından sonra elan olunan atəşkəsdən keçən 22 il ərzində (12may 1994-cü ildən bəri) bizim ölkəmiz öz mövqeyini ən yüksək beynəlxalq səviyyələrdə dəfələrlə bəyan eləyib, "biz qan tökmək istəmirik, torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəyirik!” - deyib. Amma erməni tərəfi, Ermənistanın daşnak ruhlu liderləri nəinki bu xoşməramlı çağrışa, heç BMT-nin qətnamələrinə belə məhəl qoymadan, dədə-baba torpağıymış kimi Şuşada kilsə ucaldıb, işğal elədiyi Kəlbəcərə, Laçına və digər tarixi məkanlarımıza turist səfərləri təşkil eləyir. Halbuki, 1988-ci ildən, Ermənistandakı və dünyadakı hayların sərsəm "Böyük Ermənistan” xülyasının ilk mərhələsi başlayandan, yüzminlərlə azərbaycanlının həyatını kabusa çevirən müharibədən sonra biz Şuşaya da, Qarabağa da həsrət qaldıq. Bu gün mənim kimi milyonlarla Azərbaycanlının əzəli və əbədi torpaqlarına getmək imkanı yoxdur. Mən nə övladlarımı, nə nəvələrimi nə də ölkəmə gələn qonaqlarımı göz bəbəyimiz olan Şuşaya apara bilmirəm. Niyə, nə üçün? Siz deyin, ay ermənilərin havadarı olan ikiüzlülər, dünyada özünü mədəni, sivil sayan hansı ölkələrin əhalisi bizim üzləşdiyimiz vəziyyətə bu qədər duruş gətirə bilərdi? Bizim teatrda çalışan qaçqınlar hər Novruz bayramı gələndə göz yaşlarını saxlaya bilmirlər: "Hər kəs bu əziz gündə doğmalarının qəbrini ziyarətə gedir, bəs biz hara gedək, əzizlərimizin qəbrini necə ziyarət edək, onların nigaran ruhunu necə ovuduraq?” - deyə sual edirlər. Onlara təsəlli verməkdən başqa, təəssüf ki, gücümüz heç nəyə çatmır. Ermənilərin həyasızlığı və cəzasızlığı hətta o həddə çatıb ki, Rusiya vətəndaşı olan iki Azərbaycanlını dədə-baba torpaqlarına gəliblər deyə, ömürlük həbs cəsasına məhkum ediblər və nədənsə Rusiya öz vətəndaşlarının taleyinə bu günə kimi biganə qalıb, halbuki bu insanlar heç bir cinayət törətməyiblər, onların yeganə günahı Azərbaycanlı olmalarıdır. Ermənilər işğal elədikləri torpaqlara xaricdən artistlər dəvət etməkdən, bu yerlərdə müxtəlif festivallar keçirməkdən belə çəkinmirdilər! Amma onlar unutmuşdular ki, günlərin bir günündə nəhayət ki, Haqq, Ədalət öz yerini tutacaq, Azərbaycan xalqının da səbr kasası daşacaq, bu xalq qarşısındakı nadana öz yerini və həddini göstərməyə qadir olduğunu sübuta yetirəcək! Azərbaycan prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev öz çıxışlarında həmişə vurğulayır ki, "Düşmən bizim sülh təkliflərimizi, danışıqlar masasına oturmaq ideyamızı, onlarala insani "davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri demişlər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır”. Bizim heç kəsin torpağında gözümüz yoxdur! Bu bizim humanist və sülsevər xalqımızın yaşam kredosudur! 1918-ci ildə ermənilərə dünyadakı havadarlarının (dünya bizə niyə belə qəhmər çıxmır, bilmirəm!) dəstəyi ilə bizim torpaqlarımızda respublika yaradılanda da bizi susdurmağa müvəffəq oldular. Başımızı min bahənə ilə aldatdılar, əlimizdən Zəngəzur mahalını da alıb bu riyakarlara peşkəş verdilər və yenə də Azərbaycanı susdurmağa müvəffəq oldular. Lakin indi dövran dəyişib. Başımızın üstündə SSRİ adlı imperiyanın Demokl qılıncı yoxdur! Müstəqil Azərbaycanın dövlətlər arsında mövqeyi, bayraqlar sırasında bayrağı, imzalar içində imzası var! Bu gün biz öz torpağımıza sahib çixmaq əzmindəyik və 3 gündən bəri davam edən döyüşün ilk nəticələri də bunun bariz nümunəsidir. Ölkə başçısının Azərbaycan xalqına ilk təbriki sabahın böyük Qələbə xəbərinin müjdəçisidir! Bu gün hər kəs döyüş, hər kəs qələbə deyir! Ordumuz Ali Baş Komandanın əmri ilə öz torpaqlarımızı düşməndən təmizləməyə başlayıb. Bizim əsgərimiz qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və 9 milyonluq bir xalqın HAQQINI özünə qaytarmaq üçün silaha sarılıb. Hər kəs bu qələbəyə öz payını verməyə çalışır. Müharibədə yaralanan 19 yaşlı döyüşçü Elçinin: "Tez olun, məni sağaldın, səngərdə dostlarım yolumu gözləyir!” - çağrışı yaşından asılı olmayaraq hər bir vətəndaşımızın qəlbini intiqam hissi ilə coşdurur. Dünən erməni saytları Sisyan rayonunda döyüşə gedən saçı-saqqalı ağarmış ermənilərin videogörüntülərini yayıb. Həmişə olduğu kimi, bu quldurlara (əminəm ki, onların hamısı Xocalı qətliamının iştirakçıları, Ağdərənin, Füzulinin, Kəlbəcərin, Ağdamın, Zəngilanın, Cəbrayıln, Şuşanın kəndlərini yandıranlar, dinc əhalimizə divan tutanlardı) erməni kilsəsi xeyir-dua verir. Mən sadəcə bir insan kimi anlaya bilmirəm ki, bu adamlar niyə gələcəklərini fikirləşmirlər, niyə başa düşmürlər ki, bu gün Azərbaycan onların 22 il əvvəl gördüyü siyasi və iqtisadi cəhətdən zəif bir ölkə deyil, yüksək inkişaf mərhələsinə qədəm qoymuş bir ölkədir ki, onun öz torpaqlarını qaytarmaq üçün hər cür imkanı var! Bu gün biz hamımız özümü arxa cəbhədəki kimi hiss etməliyik. Ona görə biz Ali Baş Komandanımızın sözləri ilə səciyyələndirsək, "daha da güclü olmalıyıq, daha da güclü orduya sahib olmalıyıq”. Biz bir-birimizi qorumalıyıq, şayələrə uymamlıyıq, cəbhədən gələn xəbərlərə təmkinlə yanaşmalıyıq, şəhid ailələrini bağrımıza basmalıyıq! İndi doğma torpağımız uğurunda canını fəda edən igidlərimizə "Böyük Azərbaycan uğrunda şəhidliyin mübarəkdir” – deməyi bacaran bir Xalqın Haqq divanı başlayıb! Ədalət və Haqq divanın var olsun, Vətən!

 

 

 

Əliqismət Lalayev

Rejissor, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru

Tarix: 05.04.2016