“Azərbaycan uşaqları” Əbülfəs Qarayevə təşəkkür məktubu yazdı

Azərbaycan Dövlət Musiqili Teatrı Sosial Proqramlar çərçivəsində "Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramı ilə çıxış edib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın hazırladığı musiqili-əyləncəli tədbirdə Əməkdar artist Novruz Qartal, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Gülnarə Kərimbəyova və başqalarının ifasında Dövlət Musiqili Teatrının repertuarındakı müxtəlif tamaşalardan parcalar, yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Uşaqlarla səmimi ünsiyyət quran teatrın kollektivi təşkil etdikləri oyunlar, bir-birindən maraqlı səhnəcik və musiqi nömrələri ilə "Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinə xoş anlar yaşadıblar. Bu münasibətlə "Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə təşəkkür məktubu göndərib. "Hörmətli Əbülfəs müəllim! 6 mart 2016-cı il tarixində rəhbərlik etdiyiniz nazirliyin tabeçiliyində olan Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin qonağı olmuş, uşaqlar üçün kiçik səhnəciklər, oyunlar təşkil etmiş, balacaların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək göstərmişlər. "Azərbaycan uşaqları” İctimai Birliyinin kollektivi və Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri adından Sizə və Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə, tədbirin təşkilatçılarına təşəkkürümüzü bildiririk”, - deyə məktubda qeyd olunur. Qeyd edək ki, "Azərbaycan uşaqları” İctimai Birliyi 1992-ci ildə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. 2010-cu ildə təşkilatın nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi açılıb. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Küçədə yaşayan, kimsəsiz, baxımsız və s. bu qəbildən olan uşaqlara sosial, psixoloji, hüquqi yardım göstərilir, onlar sığınacaq, geyim, təhsil, qida və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı zəruri xidmətlərlə təmin edilir.

Tarix: 08.04.2016