Musiqili Teatr Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiyaya səsvermədə fəal iştirak edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aprelin 6-da "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verilib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, təmsil etdiyi qurumun əməkdaşları petisiyaya səsvermə prosesində fəal şəkildə iştirak ediblər. "Dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar kimi biz də - Musiqili Teatrın kollektivi də Ermənistanın işğalçılıq siyasətini pisləyir, torpaqlarımızım dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik. Aprel ayının ilk günlərində erməni qəsbkarları təmas xəttində növbəti dəfə təxribat törətdilər. Ordumuz tərəfindən onlara layiqli cavab verildi. Həmin günlərdə Musiqili Teatrın kollektivi teatrda keçirilən böyük müşavirədə ordumuzun qazandığı qələbələrə və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışına öz münasibətini bildirdi və ordumuzla, Prezidentimizlə fəxr etdiyini, qürur duyduğunu, birlikdə olduğunu bəyan etdi. Aprelin 6-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya ilə Obama Administrasiyasına müraciət ünvanlayıb. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bu petisiyanın səsverməsində fəal şəkildə iştirak etməklə bir daha öz mövqeyini ortaya qoyub. İnanmaq istəyirik ki, tezliklə haqq-ədalət bərqərar olacaq”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib. Qeyd edək ki, Obama Administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyada Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir. Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti 13 yaşdan yuxarı ən azı 100 min nəfərin (elektron) imzalaması lazım idi və artıq bu baryer keçilib. Səsvermə isə 6 may tarixinə qədər davam edəcək. Petisiyaya aşağıdakı link vasitəsilə səs vermək mümkündür: http://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe Azərbaycanın haqq səsinin eşidilməsi üçün daha çox səs verək!

Tarix: 22.04.2016