“Brodvey”li qonaqlar Azərbaycan, Bakı və Musiqili Teatr haqqında
Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Mədəniyyət Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” proqramının Azərbaycan versiyasının təqdimatına hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. "Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqləri uğurla davam edir. "Company-E” komandasının üzvləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) imkan düşdükcə Bakının müxtəlif məkanlarına baş çəkir, heyranlıqlarını gizlədə bilmirlər. Pol Qordon Emerson (produser): İlk təəssüratımı belə ifadə edə bilərəm: Azərbaycan möcüzələr ölkəsidir. Biz vaxt tapdıqca paytaxt Bakının gəzməli-görməli yerlərinə baş çəkirik. Əsl meqapolis – bu, elə Bakı deməkdir. Xüsusi ilə Bakının gecə görüntüsü ecazkardır. Mən son vaxtlar dünyanın heç bir yerində bu qədər təəccüblənməmişdim. Musiqili Teatr isə Bakının mərkəzində reallaşdırılmış fantastikadır. Biz teatrın binası ilə tanış olarkən teatrın direktoru Əliqismət Lalayev məlumat verdi ki, bina ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təmir olunduqdan sonra bu cür möhtəşəm olub. Tam səmimi deyirəm: mən Musiqili Teatrın binasına, burada yaradılmış şəraitə, yaradıcı mühitə sadəcə heyran oldum. Hətta Əliqismət Lalayevə qalıb burada işləmək istədiyimi bildirdim. O isə mənə "Layihəni təhvil verin, sonra bu haqda danışarıq”, - deyə gülüb cavab verdi. Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor): Adamda artıq hava limanında Azərbaycan haqqında ilk fikir formalaşır: bura inkişaf etmiş bir ölkədir. Bakının isə səmimiyyətimə inanın, dünyada bənzəri yoxdu. Burda olmağımdan çox məmnunam. Bakının unikal cəhətlərindən biri də Musiqili Teatr kimi möhtəşəm bir sənət məbədinə sahib olmasıdır. Bizim kollektiv mədəni layihələrlə dünyanın bir çox ölkələrində çıxış edib. Tam məsuliyyəti ilə deyirəm: məhz sizin Musiqili Teatrın səhnəsi indiyə qədər ki, karyeramda ifa edəcəyim ən müasir, ən möhtəşəm səhnə olacaq. Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor): Bu mənim qəti qənaətimdir: Azərbaycan xalqının ən böyük özəlliklərindən biri onun qonaqpərvərliyidir. İnsanların mehribanlığı, istiqanlılığı adamı sadəcə məftun edir. Bakı isə başqa bir dünyadır. Dünyada Bakı kimi şəhərlər çox azdır. Burada tarixlə müasirlik vəhdətdədir. Qədim və müasir binalar sanki bir-birlərinin davamı, ardıcılıdır. Musiqili Teatr haqqında isə qısaca olaraq belə deyə bilərəm: elə bil biz cənnətdəyik. Belə bir məkanda işləmək insana xüsusi zövq verir. Teatrın kollektivi isə öz professionallığı ilə heyrət doğurur. Dünyanın bir çox ölkələrində olmuşam, bir çox kollektivlərlə işləmişəm. Sizin Musiqili Teatrın kollektivi iş prosesində özümü rahat, arxayın hiss etdiyim azsaylı kollektivlərdəndir. Sanki uzun illərdir ki, bir yerdə işləyirik. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının "Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. "Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı "Brodvey” layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş sərbəstdir.