Musiqili Teatrda mövsümün növbəti premyerası – “999-cu gecə”

25-26 may tarixlərində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün növbəti premyerası keçiriləcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət "Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə” böyüklər üçün nağıl-tamaşasından gedir. Tamaşanın süjet xəttinin əsasını çəkməçi Maruf la onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl "1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə” adlandırıb. Gözlənilməz situasiyalarlan zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər bir mərtəbə də simvolik mənaya malikdir. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmestri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

 

               

Tarix: 23.05.2016