Musiqili Teatr “Multikulturalizm ili” çərçivəsində Masallı rayonunda çıxış edib

Azərbaycan Dövlət Musiqili Teatrı 23 may 2016-cı il tarixində Masallı rayonunda çıxış edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Masallı rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. "Dəcəl çəpişlər” tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından olan Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili” elan olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 20.04.2016-cı il tarixli əmr imzalayıb. Əmrə əsasən il boyu ölkənin müxtəlif bölgələrində mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Teatrımızın cari repertuarındakı O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasının Masallı rayon Mədəniyyət Evində nümayişi də "Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planının tərkib hissəsidir”, -deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.

 

Tarix: 24.05.2016