Musiqili Teatrın balet artisti Beynəlxalq müsabiqədə 3-cü olub

Azərbaycan Dövlət Musiqili Teatrının balet artisti Cəlalə Novruzlu Beynəlxalq müsabiqədə uğurla çıxış edib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və Bakı Xareoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən SSRİ Xalq artisti Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də Azərbaycan da daxil olmaqla Rusiya, Ukrayna, Qazaxıstan, Litva və İrandan olan balet ustaları iştirak ediblər. Müsabiqənin münsiflər heyətində Azərbaycan Respublikasının Xalq artisti Rəfiqə Axundova, Rusiya Federasiyasının Xalq artisti Dikalu Muzakayev, Azərbaycan Respublikasının Xalq artisti Afaq Məlikova, Litva Respublikasının Əməkdar artisti Petras Skirmantas və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Dilarə Əliyeva təmsil olunublar. Azərbaycan Dövlət Musiqili Teatrının Balet truppasının gənc üzvü Cəlalə Novruzlu uğurla çıxış edərək Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də ücüncü yeri qazanıb. Qeyd edək ki, Cəlalə Sultan qızı Novruzlu 25yanvar 1990-cı ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının "Klassik balet” şöbəsini bitirib. 1 sentyabr 2010-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Teatrında balet artisti işləyir. Teatrda işlədiyi müddət ərzində "Bankir adaxlı”, "Ər və arvad”, "Arşın mal alan”,”Şeytanın yubileyi”, "Amerikalı kürəkən”, "Xanuma”, "Qırmızı papaq”, "Yağış göbələyinin macərası”, "Düyməcik”, "Qısqanc ürəklər”,”Evlənmə”, "Mən dəyərəm min cavana”, "Talelər qovuşanda”, "Skapenin kələkləri”, "Kimdir müqəssir”, "Hərənin öz ulduzu”, "10 min dollarlıq keyf”,”Qızıl toy”, "Baladadaşın toy hamamı”, "Qafqazlı qardaşqızı”, "Dəcəl çəpişlər”, "Qızıl cücə” və başqa tamaşalarda iştirak edib.

 

Tarix: 26.05.2016