Musiqili Teatr “Multikulturalizm ili” çərçivəsində Xacmazda
Azərbaycan Dövlət Musiqili Teatrı Xaçmaz rayonunda maraqlı tamaşa ilə çıxış edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, V. Ulanovski və V. Orlovun uşaqlar üçün "Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. "Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müvafiq əmr imzalayıb. Əmrə əsasən il boyu azsaylı xalqların yaşadığı müxtəlif bölgələrdə mədəni-kütləvi tədbirlərin keçirilməsi, tamaşaların nümayişi planlaşdırılır. Teatrımızın cari repertuarındakı V. Ulanovski və V. Orlovun "Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində "Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planının tərkib hissəsi olaraq nümayiş olunub. Bundan öncə isə Masallı rayonunda yenə də uşaqlar üçün O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasını balacalara hədiyyə etmişdik”, -deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Svetlana Bulax, rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Rauf Babayev, Gülnarə Kərimbəyova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa ediblər.