ABŞ səfirliyi Musiqili Teatra təşəkkür etdi

2016-cı il 14-21 may tarixlərində ölkəmizdə keçirilən Amerika Günlərində Azərbaycan Dövlət Musiqili Teatrı uğurla iştirak edib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert F. Sekuta teatra təşəkkür məktubu göndərib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanlanan məktubda Azərbaycan və Amerika sənətçilərinin əməkdaşlığı yüksək qiymətləndirilir, baş tutan tədbir multikulturalizmin bariz nümunəsi kimi diqqətə çatdırılır. "Hörmətli cənab Lalayev! ...Amerika Günləri Mədəniyyət Festivalı çərçivəsində Amerika və Azərbaycan sənətkarları arasında yaradılmış möhkəm əməkdaşlıq üçün və Amerikanın "Silver City Bound” musiqi qurupunu Azərbaycan Dövlət Musiqili Teatrında qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Dövlət Musiqili Teatrı əzəmətli bir məkandır və heyətiniz çox istedadlı sənətkarlardan ibarətdir. Yalnız bir həftə ərzində keçirilmiş məşqlər zamanı əldə etdiyiniz nailiyyətlər heyrətamizdir. Amerika Günləri vasitəsilə biz Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirərək multikulturalizmin hər iki cəmiyyət üçün əhəmiyyətini aşılamaq istəyirdik. Azərbaycan Dövlət Musiqili Teatrında çıxışlar, Amerika və Azərbaycan ifaçıları arasındakı əməkdaşlıq bu məqsədlərə nail olmaq üçün göstərilən səylərin davamı idi və Sizin bu festivala olan töhfənizi yüksək qiymətləndiririk. Gələcəkdə yenidən əməkdaşlıq etmək arzusu ilə Sizə uğurlar arzulayıram. Salamlarımı möhtəşəm heyətinizə çatdırmağınızı xahiş edirəm”, - deyə ABŞ-ın ölkəmizdəki səfiri Robert F. Sekutanın imzaladığı təşəkkür məktubunda qeyd olunur. Xatırladaq ki, Azərbaycanda keçirilən Amerika Günləri çərçivəsində Dövlət Musiqili Teatrı Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Layihə 2 gün təqdim olunub və tamaşaçılarda böyük maraq, xoş ovqat doğurub.

Tarix: 05.07.2016