Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq
Azərbaycan Dövlət Musiqili Teatrı 106-ci mövsümünə bu həftəsonu - 17 iyul tarixində yekun vuracaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın yaradıcı heyətinin üzvləri bir sıra yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Mövsüm ərzində Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində ölkənin müxtəlif regionlarında – Masallı, Xaçmaz, Şamaxı rayonlarında bir-birindən maraqlı tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Repertuardakı tamaşaların əksəriyyəti Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya tərəfindən lentə alınıb. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Həmçinin teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib. 106-cı mövsümün bağlanış günü – 17 iyul saat 19.00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Xatırladaq ki, "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatına layiq görülüb. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Əliməmməd Novruzov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.