Musiqili Teatr 106-cı mövsümü başa vurdu
Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü iyulun 17-də başa vurub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bağlanış günü dahi Üzeyir Hacıbəylinin iki hissəli "O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub. "Teatrımızın 106-cı mövsümü çox uğurlu və əlamətdar olub. Qazandığımız uğurlar, təşkil və ev sahibliyi etdiyimiz tədbirlər, kerdiyimiz premyeralar, " Multikulturalizm ili”, habelə "Sosial proqramlar” çərçivəsində səfərlərimiz, qastrollarımız haqqında mətbuatda kifayət qədər məlumat verilib. 106-cı mövsüm doğrudan da bizim üçün çox zəngin və uğurlu oldu. Mövsüm boyu ölkə başçısı cənab İlham Əliyevin müxtəlif sərəncamlarıyla Xalq artisti, böyük gülüş ustamız, əvəzsiz aktrisamız Afaq Bəşirqızı "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Baş xormeysterimiz Vaqif Məstanov, aktyorlarımız Svetlana Bulax, Əzizağa Əzizov "Azərbaycan Respublikasının Əməkdar artisti” , Truppa müdirimiz Vidadi Həsənov "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 9 əməkdaşımız isə "Prezident mükafatı”na layiq görülüb. Bu bizim işimizə verilən ən yüksək, ən ali qiymətdir. Fürsətdən istifadə edib bir daha ölkə başçısı cənab İlham Əliyevə teatrımıza, ümumilikdə Azərbaycan mədəniyyətinə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Artıq biz 107-ci mövsümə hazırlaşırıq. Nəzərdə tutduqlarımızı həyata keçirə bilsək, inanıram ki, daha böyük uğurlara imza atacağıq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib. Qeyd edək ki, 106-cı mövsümün bağlanış günü nümayiş olunan "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu, tamaşaçılar tərəfindən hər zaman böyük diqqət və maraqla izlənən tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazına görə Əməkdar artist Şövqi Hüseynov Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Milli Mükafatına layiq görülüb. Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Nahidə Orucova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Aydan Həsənova, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov və başqaları ifa ediblər.