Musiqili Teatr 107-ci mövsümün ilk 4 ayı üçün repertuar planını təsdiq etdi
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Bədii Şuranın geniş və açıq iclasında 2016-cı ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planı təsdiqlənib. Bədii Şuranın iclasını açıq elan edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, yeni mövsümdə qarşıda duran vəzifələrdən danışıb. Ə. Lalayev çıxışı zamanı bildirib ki, arxada qalan 106-cı mövsüm Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində ölkənin müxtəlif regionlarında – Masallı, Xaçmaz, Şamaxı rayonlarında bir-birindən maraqlı tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Həmçinin teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib. Sonra isə 2017-ci ilə qədər olan dövr - sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün repertuar və iş planı müzakirə edilərək təsdiq olunub. Nəzərdə tutulan müddət ərzində teatrın repertuarında olan 25-ə yaxın tamaşa təqribən 70 dəfə nümayiş etdiriləcək. Qarşıdakı dörd ay ərzində "O olmasın, bu olsun”, "Ər və arvad” (Ü. Hacıbəyli), "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), "Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), "Toya bir gün qalmış” (Ə. Səmədli), "Qızıl toy” (O. Kazimi, R. Heydər), "www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Fransız sayağı qarnir” (M. Kamoletti), "Skapenin kələkləri” (J.B. Molyer), "Düyməcik” (H.K. Anderson), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərləri rus dilli və balaca tamaşaçılar üçün təqdim olunacaq. Bu müddət ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artistləri Fatma Mahmudova və Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Emma Məlikova, Boris Qrafkin, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Aydan Həsənova, Nicat Əli, Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə, teatrın 10 yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər. Cari ilin sonuna qədər bir neçə premyeranın keçirilməsi də nəzərdə tutulur. Sentyabr ayında II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində İstanbul Bələdiyyə Teatrının "Şekspir” (Elçin) tamaşası da Musiqili Teatrda nümayiş olunacaq. İlin sonuna kimi Musiqili Teatrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illik yubileyi keçiriləcək. Noyabr ayında isə Dövlət Musiqili Teatrının "Teatr və multikulturalizm” mövzusunda IV Beynəlxalq Teatr Konfransına ev sahibliyi etməsi nəzərdə tutulur.