Elçinin “Şekspir”i Musiqili Teatrda
15-24 sentyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə "Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizin müxtəlif teatrları ilə yanaşı, Rusiyanın Moskva "Trikster” Teatrı, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əhli Dubay Bələdiyyə Teatrı, Gürcüstanın C. Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı və N. Dumbadze adına Professional Dövlət Gənclər Teatrı, İran İslam Respublikasının "Negab” Teatrı və başqa ölkələrin teatrları maraqlı tamaşalarla iştirak edəcəklər. Festival çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Bələdiyyəsi Şəhər Teatrının tamaşası Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İstanbul Bələdiyyəsi Şəhər Teatrı 22-23 sentyabr tarixlərində Azərbaycanın Xalq yazıçısı Elçinin "Şekspir” əsərini təqdim edəcək. Tamaşanın quruluşçu-rejissoru Türkiyədə yaşayan həmyerlimiz Əməkdar incəsənət xadimi Məlahət Abbasova, quruluşçu-rəssamı Ayhan Doğandır. Qeyd edək ki, böyük tamşaçı auditoriyasının sevgi və rəğbətini qazanan, qardaş ölkənin teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən "Şekspir” tamaşası "Yeni Teatro Dərgisi və Başarı ödülü” mükafatına layiq görülüb. Bundan öncə isə səhnə əsərində rol alan 5 aktyor "İlin ən yaxşı aktyoru” seçilib.