Musiqili Teatrın aktyorları “11 B - bilik günü”ndə
Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları yeni tammetrajlı bədii filmə çəkiliblər. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, film "11 B - bilik günü” adlanır. Filmdə teatrın iki aktyoru – Məhərrəm Qurbanov və Əliməmməd Novruzov rol alıblar. Komediya janrında çəkilən "11 B - bilik günü” yeni ekran işində Məhərrəm Qurbanov "proletariatın dahi rəhbəri” Lenin, Əliməmməd Novruzov isə məktəb direktoru obrazını canlandırıb. "Çəkildiyimiz yeni "11 B - bilik günü” komediyasında sevgi, məhəbbət, romantika, mistika, orta məktəb illəri ilə bağlı ən ağlagəlməz situasiyalar, bir-birindən maraqlı, qəh-qəhə dolu hadisələr əks olunub. İnanırıq ki, günümüzlə səsləşən bir sıra olaylara, problemlərə güzgü tutan "11 B - bilik günü” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacaq. "11 B - bilik günü”nün fərqli cəhətlərindən biri də odur ki, bu film əyalətdə fəaliyyət göstərən prodakşn tərəfindən istehsal olunub və bütünlüklə Gəncədə çəkilib. İstehsalçı "Apollon production”un bu layihədə diqqət çəkən məqamlarından biri də filmdə professional aktyorlarla yanaşı, Gəncə litsey, kollec və orta məktəb şagirdlərini çəkiliş prosesinə cəlb etməsidir. Tamaşaçılarımızı çox maraqlı və uğurlu alınan "11 B - bilik günü” komediyasını oktyabr ayının əvvəllərindən etibarən kino-teatrlarda izləməyə dəvət edirik”, - deyə Məhərrəm Qurbanov və Əliməmməd Novruzov bildiriblər. Qeyd edək ki, "11 B - bilik günü” filminin ssenari müəllifi və quruluşçu-rejissoru Elnur Axundov, quruluşçu-rəssamı Ruhiyyə Məmmədova, operatorları Rəşid Əlyarov, Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzridir. Filmdə Məhərrəm Qurbanov və Əliməmməd Novruzovla yanaşı, Gəncə Dövlət Dram Teatrının tanınımış simaları - Xalq artistləri Alim Məmmədov, Məmmədəli Balayev, aktyorlar Kəmalə Məmmədova, Sevinc Hüseynova, Elnur Mehmanlı, Gəncə məktəblərinin şagirdləri Murad Meyfalıyev, Şəbnur Allahverdili, Hüseyn Cəfərov, Əfsanə Abbasova və başqaları çəkiliblər.