Musiqili Teatrın kollektivi Hacıbaba Bağırovun məzarını ziyarət edib

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi unudulmaz gülüş ustası, Xalq artisti Hacıbaba Bağırovun vəfatının 10-cu ildönümü ilə bağlı böyük sənətkarın məzarını ziyarət edib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 4 oktyabr tarixi Hacıbaba Bağırovun anım günüdür. "Azərbaycan teatr sənətində əbədi iz qoyanlardan biri də böyük gülüş ustası, Xalq artisti Hacıbaba Bağırovdur. İstər kino sahəsində, istərsə də teatr tamaşalarında canlandırdığı obrazlar bunun bariz nümunəsidir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrının) direktoru vəzifəsində çalışması həm də onun bir rəhbər kimi idarəetmə bacarığının sübutu idi. Həm aktyor, həm direktor, həm də bir insan kimi Hacıbaba müəllim hər zaman başqalarından seçilirdi. O, mədəniyyət tariximizdə daima yaşayacaq sənətkarlardandır”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev H. Bağırovun anım mərasimindəki çıxışı zamanı bildirib. Sonra Dövlət Musiqili Teatrının Ədəbi hissə müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Respublikanın Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov çıxış ediblər. Onlar çıxışlarında Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, yaratdığı hər bir obrazın özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşüb, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər. Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından tədbirdə iştirak edən Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə təşəkkürünü bildirib.

Tarix: 04.10.2016