Musiqili Teatrda iranlı qonaq

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi Azərbaycan Dövlət Musiqli Teatrında olub. Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, doktor Seyid İbrahim İbrahimini teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə olunub. Əliqismət Lalayev ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan teatr sənətinin, musiqisinin, incəsənətinin, ümumilikdə, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması üçün çox mühüm və vacib işlər gördüyünü xüsusi vurğulayıb. Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı mötəbər qonağın diqqətinə çatdırılıb. Görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Bunlardan biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin qənaətbəxş olduğunu bildirərək, cari ilin sonunda İran İslam Respublikasında keşirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri ilə bağlı hazırlıqların yüksək səviyyədə davam etdiyini söyləyib. Həmçinin S.İ. İbrahimi qeyd edib ki, yaxın zamanlarda Təbriz Teatrının Azərbaycan Dövlət Musiqli Teatrında, Musiqili Teatrın isə Təbrizdə çıxışı arzuolunan tədbirlərdir. Sonda bu cür görüşlərin və qarşılıqlı əməkdaşlığın iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynadığı vurğulanıb və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub.

Tarix: 05.10.2016