Musiqili Teatrda mövsümün ilk premyerası olub

Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunub. 20 ildən çoxdur ki, Azərbaycan torpaqları nankor qonşularımız ermənilər tərəfindən işğal edilib. Bu gün böyükdən-kiçiyə hər bir azərbaycanlının qarşısında duran ən ümdə vəzifə torpaqlarımızın işğaldan azad olunmasıdır. "Meşə çaqqalsız olmaz” tamaşasının əsas məqsədlərindən biri də balacalara mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xəttinə malik olan yeni səhnə əsəri dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır. Tülkü və Çaqqal bir meşəyə soxulur, "Buralar bizim tarixi ərazilərimizdir!” söyləyirlər. Yerli heyvanların yuvalarını dağıdıb yerində daşdan ev tikərək öz tarixi eksponatları kimi təqdim edirlər. Hansısa eşşəyin çənəsini göstərib "Ulu babamızındır, arxeoloji qazıntılar zamanı tapmışıq!” söyləyirlər. Sürətlə inkişaf edən hadisələr elə bir məcraya yön alır ki, haqq-ədaləti bərpa etmək üçün yerli əhali fövqəlgücə - Ayıya müraciət etmək məcburiyyətində qalır. Və... əsl tamaşa da məhz bundan sonra başlayır... Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır. Rolları gənc aktyorlar Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa ediblər.

Tarix: 07.10.2016