Musiqili Teatr “Silva”nın premyerasına hazırlaşır

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün növbəti premyerasına hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşa İmre Kalmanın dünyaca məşhur olan "Silva” operettasıdır. Əsərin süjet xəttini saf, təmiz sevgi, böyük bir eşq uğrunda mücadilə təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaranan sevgi bağları ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə ailə qurmağa hazırlaşan Edvini başqasıyla nişanlamağa qərar verirlər. Məzh bu qərardan sonra dinamik hadisələrlə, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz böyük eşqi uğrunda mübarizəsi başlayır. Və elə bu mübarizə nəticəsində də hadisələr bir andaca axarını dəyişir, situasiya daha da gərginləşir, ağlasığmaz, həyəcan dolu olaylar sürətlə bir-birini əvəz etməyə başlayır... Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Boris Lukinski, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov, Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova, Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Elçin İmanov və Nicat Əli ifa edirlər.

Tarix: 14.10.2016