Musiqili Teatr Beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalr Teatr Festivalına dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni ilin ilk günlərində Təbriz şəhərində baş tutacaq 35-ci Fəcr Beynəlxalq Teatr Festivalından gedir. Teatrın kollektivi bu münasibətlə yeni ilin ilk günlərində - 2017-ci il 13-18 yanvar tarixlərində İran İslam Respublikasına səfər edəcək. Festivalda dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq. "35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız kollektivimiz üçün əsl Yeni İl hədiyyəsi oldu. İnanıram ki, Musiqili Teatr yeni ilin ilk günlərində ölkəmizi bu mötəbər festivalda layiqincə təmsil edəcək. Qeyd edim ki, 1910-cu ildə bu əbədiyaşar əsərlə - "Ər və arvad” tamaşası ilə bugünkü Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Əsər 107 ildir ki, səhnədədir və tamaşaçılarımız tərəfindən ən çox sevilən, böyük maraq və rəğbətlə qarşılanan səhnə əsərlərindən biridir”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır. Rolları Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.

Tarix: 30.12.2016