"Vətən uğrunda" medalına Akademik Musiqili Teatrın əməkdaşı da layiq görüldü
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrın əməkdaşı, şəhid Əliağa Məmmədov haqqında böyük fəxr hissi ilə danışaraq hər zaman onun kimi vətən oğulları ilə qürur duyduğunu bildirib: "Əliağa Məmmədov teatrımızın işıq operatoru idi. İşlədiyi müddətdə davranış mədəniyyəti, nizam-intizamı ilə teatr kollektivinin hörmətini qazanmışdır. Əliağanın acı xəbəri bizi çox sarsıtsa da, hər birimiz onunla qürur duyuruq. Çünki şəhidlik elə bir zirvədir ki, hər insana qismət olmur.
O, vətən uğrunda gedən şiddətli döyüşlərin birində komandirinin həyatını xilas edərkən qəhrəmancasına şəhid olub. Onun qısa, lakin mənalı ömrü sözün əsl mənasında qəhrəmanlıq dastanıdır... Əliağa qəlbimizdə daim yaşayacaq.
Yaxın günlərdə teatr kollektivinin şəhidimizin xatirəsinə ithaf olaraq hazırladığı kompozisiya sosial şəbəkə izləyicilərinə təqdim ediləcək. Biz qəhrəmanımızı heç vaxt unutmayacağıq, gələcək layihələrimizdə də onun əziz xatirəsini dərin hörmətlə yad edəcəyik. Nur üzlü şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik".
Qeyd edək ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub. Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınamaq istəyib. "Cüdo" üzrə müxtəlif yarışlarda çıxışı ona medallar və sertifikatlar qazandırıb.
Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın qaranlıq səhnəsini işıqlandıran bu gənc vətən qarşısındakı müqəddəs borcunu da layiqincə yerinə yetirib.
Ağır döyüşlərin birində düşmənin hücumu zamanı Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edir və elə həmin döyüşdə (06.10.2020-cı il) şəhidlik zirvəsinə ucalır.
Qələbəmiz Əliağa kimi oğulların sayəsində baş tutdu, yağı tapdağında inləyən yurdumuz azadlığına qovuşdu. Allah cəmi şəhidlərimizə rəhmət etsin!