Azərbaycan Dövlət Akademik Musiqili teatrının aktyoru Ağaxan Şərifov vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru 2020-ci il dekabrın 31-də ömrünün 58-ci ilində vəfat edib.
Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsu rayonunda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb. 2007-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Akademik Musiqili Teatrınında vokal artisti-solist olaraq davam etdirib. Akademik Musiqili Teatrın səhnəsində yaratdığı bir-birindən maraqlı xarakterik obrazları ilə - Evlər müdiri ("Talelər qovuşanda” R.Hacıyev), Ofsiant ("Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev), İnzibatçı ("Şeytanın yubileyi” O.Rəcəbov, A.Babayev), II xidmətçi ("Milyonçunun dilənçi oğlu” S.Ələsgərov, Ş.Qurbanov), Cəfər ("Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Kameraman ("Şəhərdə manyak var” S.Fərəcov, Ə.Nesin), Nadir ("Matəm marşı və yaxud gözünüz aydın” M.Məmmədov), Süpürgəçi ("Ər və arvad” Ü.Hacıbəyli), Şeyx Salah ("Kimyagər” S.Kərimi Ə.Ol), Hambal ("O olmasın, bu olsun” Ü.Hacıbəyli), Kral Yubetr ("Yatmış gözəl və cırtdanlar” A.Sadıqov), Qəbir qazan ("Toya bir gün qalmış” Ə.Səmədli), Sürücü ("Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Qədir ("Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, tərc.D.Mustafayev) tamaşaçıların rəğbətini qazanmışdır.
Aktyor, həmçinin "Nə gözəldir bu dünya...” (1999), "Əlavə təsir” (2010), "Yazıçı” (2013) kimi filmlərdə də çəkilmişdir.
Ağaxan Şərifovun əziz xatirəsi tamaşaçıların, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!