Akademik Musiqili Teatrdan yeni layihə: "Sarı gəlin"
Dünyanı silkələyən pandemiya dövrü hər kəs üçün çətin olsa da, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi tarixi qələbəmizdən ilhamlanaraq yeni-yeni layihələrə imza atır.
Teatrın yaradıcı heyəti bu dəfə dünya şöhrətli musiqiçi, bəstəkar Sami Yusifin ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında, milli dəyərləri özündə əks etdirən balet kompozisiyanı geniş tamaşaçı kütləsinə onlayn olaraq təqdim edib.
Layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.
Quruluş verdiyi balet kompozisiyanın həm də ifaçısı olan Əməkdar artist Emin Əliyev layihə barəsində bəzi maraqlı məqamları açıqlayıb: "Bildiyimiz kimi, bədnam qonşularımız hər zaman bu mahnını mənimsəməyə, özününküləşdirməyə çalışıb. Sami Yusifin ifasında səslənən "Sarı gəlin" kompozisiyası möhtəşəm əsərdir. Əliqismət müəllimin rəhbərliyi ilə həyata keçirilən bu layihənin qayəsi hamımıza aydındır. Kompozisiyanın əvvəlinin ingilis, sonradan isə ana dilimizdə ifa olması bu baxımdan çox əhəmiyyətlidir və onun rəqs dilində təqdimatı geniş tamaşaçı kütləsində böyük maraq doğuracaqdır.
İndiyə qədər geniş auditoriyalarda bir nəfərin – yəni Sarı gəlinin rəqsi kimi təqdim olunan bu möhtəşəm musiqi heç vaxt rəqqaslar tərəfindən duet şəklində ifa olunmayıb. Bu bir ilkdir.
Biz bu ifada istedadlı balet artistimiz Mələkxanım Səfərova ilə birlikdə milli rəqslərimizin bütün incəliklərini qorumağa, bütün jest və rəqs hərəkətlərimizi mahnının sözlərinə uyğunlaşdırmağa çalışmışıq... Ümidvaram ki, milli rəqslərimizin bu formatda təbliği uğur qazanacaq. Mahnının ingilis dilində səslənməsi də məhz bu amala xidmət edir.
Layihəmizin reallaşmasında bizə hər cür şərait yaradan "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərova yaradıcı heyətimiz adından minnətdarlığımızı bildirik".